ƏDLİYYƏ AKADEMİYASINDA MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏKİ İSLAHATLARLA BAĞLI MÜZAKİRƏLƏR APARILIB

 

2019-07-26

İyulun 26-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası elm müəssisələrinin nümayəndələri ilə Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərlə bağlı ictimai müzakirə təşkil edib.

AZƏRTAC xəbər verir ki, Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov bildirib ki, Fərmanla bağlı ictimai müzakirələrə həsr olunmuş tədbirlər paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarında keçirilib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın genişləndirilməsi məqsədilə mühüm qərarlar qəbul olunur, ardıcıl tədbirlər görülür. Prezident tərəfindən imzalanmış müvafiq Fərman ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və məhkəmə-hüquq orqanlarının şəffaflaşdırılması ilə bağlıdır. Dövlət başçısı tərəfindən aparılan iqtisadi və hüquqi islahatlar ölkəmizin inkişafına xidmət edir. 2019-cu il 3 aprel tarixli Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.

 

 

Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA İCBARİ TƏLİM KURSUNA BAŞLANILIB

2019-08-05

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 300 nəfərdən çox namizədlə keçirilmiş növbəti müsabiqəyə yekun vurularaq, uğur qazanmış 66 namizəd peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunub.

 

Akademiyada 3 ay davam edəcək kursun proqramı müasir tədris metodu əsasında hazırlanıb. Kurs çərçivəsində ədliyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsi və tənzimlənməsi üzrə Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlər, insan hüquqlarının müdafiəsinin beynəlxalq və milli mexanizmləri, inzibati icraat, hüquqi etika və psixologiya, korrupsiya ilə mübarizə, qanunvericiliyin yenilikləri və digər aktual məsələlərə dair mövzular tədris olunacaq. Həmçinin, namizədlərin müasir texnologiyalardan istifadə bacarıqlarının yüksəldilməsi ilə bağlı təlimlər, mənəvi-estetik dünyagörüşlərinin artırılması məqsədilə mədəni proqramlar təşkil ediləcək. Bununla yanaşı, namizədlərin ədliyyə orqanlarında təcrübə keçmələri nəzərdə tutulur.

 

Ədliyyə Akademiyasında həmin kursun açılışı olub. Akademiyanın Elmi-tədqiqat və doktorantura şöbəsinin rəisi Vüsal Əhmədov və Nazirliyin Kadrlar İdarəsinin baş məsləhətçisi Elnur İbrahimov tədbirdə müsabiqədən uğurla keçən namizədlərin peşə fəaliyyətinə buraxılmaları üçün keçirilən icbari təlimin əhəmiyyətindən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, zəruri tövsiyələr veriblər.

 

Kursun ilk günündə “Müstəqil Azərbaycan Respublikasında məhkəmə-hüquq sahəsində aparılan islahatlar” mövzusunda çıxış edən nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsini icra edən Aynur Sabitova ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hüquqi sahədə aparılan islahatlar, o cümlədən “Məhkəmə-hüquq sistemində  islahatlarının dərinləşdirilməsi” haqqında Fərman və onla bağlı görülən tədbirlər barədə məlumat vermişdir.

 

Sonra təlimin proqramı üzrə digər mövzularda mühazirələr dinlənilib.