Xəbərlər

AVROPA ŞURASI VƏ ƏDLİYYƏ AKADEMİYASININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ KONFRANS KEÇİRİLİB

2019-12-04

Avropa Şurası və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda ədliyyə sisteminin təkmilləşdirilməsi və onun Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğunlaşdırılması” mövzusunda konfrans keçirilib.

Tədbirdə 60-dək birinci və apellyasiya instansiya məhkəməsinin hakimi və prokurorluq orqanlarının əməkdaşı  iştirak edib.

 

Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Akademiyasının  rektor vəzifəsini icra edən Elçin Xələfov, Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes və Avropa Şurasının proqram meneceri açılış nitqi ilə çıxış edərək ədliyyə sahəsində yüksək səviyyəli islahatların aparılması, hakimlərin peşəkarlığının artırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin olduqca təkmil olduğunu vurğulamış, həmçinin ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanın icrası üzrə görülmüş işlərdən bəhs ediblər. Bilidirilib ki, bu Fərmanda vahid məhkəmə təcrübəsinin tətbiqi, yerli məhkəmələr tərəfindən hüquqi məsələlərin həlli, normativ hüquqi aktların tətbiqində ümumi yanaşmanın formalaşması kimi mühüm məsələlər öz əksini tapıb.

 

Qeyd edilib ki, Avropa Şurasının və Azərbaycan Republikasının birgə təşkilatçılığı ilə “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi uğurla həyata keçirilib. Layihə çərçivəsində bir çox  təlimlərin keçirildiyi, hakimlər, vəkillər, Ədliyyə Akademiyasının əməkdaşları olmaq 40-a yaxın təlimçinin hazırlandığı, hal-hazırda həmin təlimçilərin müxtəlif təlimlərə cəlb edildiyi vurğulanıb. Eyni zamanda,  hüquqşünaslar və digər şəxslər tərəfindən  istifadəni təmin etmək məqsədilə, Avropa İnsan Hüquqları Konvensiyasının müxtəlif maddələri ilə bağlı olan nəşrlərin çap olunduğuı və elektron versiyalarının Ədliyyə Akademiyasının saytında yerləşdirildiyi də bildirilib. Həmçinin Ədliyyə Akademiyası ilə Avropa İnsan Hüquqları Məhkəməsi arasında  müxtəlif video-konfranslar keçirildiyi və gələcəkdə də  belə tədbirlərinnəzərdə tutulduğundan bəhs edilib..

Tədbirdə Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynovun,  Azərbaycan Respublikası Avropa Məhkəməsinin hüquqşünasları Xəqani Quliyev və Vüqar Fətəliyevin, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun   məruzələri dinlənilib.

Azərbaycanda ədliyyə sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, AİHK-nın 2-ci və 3-cü maddələri ilə bağlı Azərbaycana aid işlərdə ortaya çıxan məsələlər, ölkədaxili məhkəmələr tərəfindən qərarların əsaslandırılması (AİHK kontekstində), AİHK-nın 5-ci maddəsi ilə bağlı Azərbaycana aid işlərdə ortaya çıxan məsələlər,Azərbaycana aid qərarların icra mexanizminin təkmilləşdirilməsi kimi mövzular iştirakçıların diqqətinə çatdırılıb.