Xəbərlər

"Kibercinayətkarlığa Qarşı Əməkdaşlıq " Mövzusunda Geniş “Octopus” Tədbiri Keçirilmişdir

2021-11-29

 2011-ci ildən Avropa İttifaqı  və Avropa Şurasının The CyberEast  proqrqamı çərçivəsində Kibercinayətkarlıqla bağlı layihələr davam etdirilir, silsilə tədbirlər keçirilir. Layihənin əsas məqsədi Kibercinayətkarlığa qarşı mübarizədə elektron sübutlardan istifadə etməklə beynəlxalq əməkdaşlığı gücləndirmək və cinayətkarlıqla  mübarizə aparan orqanlar və internet şəbəkələri  arasında xüsusi tərəfdaşlıq münasibətlərinin qurulmasından ibarətdir. Respublikamız altı Şərq Tərəfdaşlığı ölkələrindən biri kimi bu layihədə 2019-cu ildən təmsil olunur.Həmin tədbirlər silsiləsinə  2021-ci ilin 16-18 noyabr tarixində Avropa Şurasının Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin tərəfindən və Macarıstan Nazirlər Komitəsinin sədrliyi ilə distant formada keçirilən geniş  “Octopus” konfransda “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasının və onun 2-ci əlavə Protokolun genişləndirilməsi və elektron sübutların açıqlanması məsələləri qeyd edilmişdir. Konfransda dövlət və özəl sektorların, eləcə də dünyanın bir çox yerindən olan beynəlxalq və qeyri-hökumət təşkilatlarının kibercinayətkarlıq üzrə ekspertləri öz  təcrübələri barədə fikir mübadiləsi aparmaq imkanı əldə etmişlər.3 gün ərzində davam edən tədbirdə ölkəmizi Ədliyyə Akademiyasının, prokurorluq orqanlarının əməkdaşları, vəkilər və  Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri təmsil etmişlər. Kiberməkanda baş verən cinayət hadisələrini əhatə edən bu konfrans çoxsaylı sessiyalar formasında aparılmış,sessiyalarda  beynəlxalq ekspert məruzəçiləri tərəfindən strateji yanaşmalar, təlimçilər şəbəkəsi və məhkəmə təlimi üçün onlayn platforma kimi vasitələr  barəsində məlumatlar verilmişdir. İşıqlandırılan mövzuların genişliyi ilə səciyyələnən  konfransda 2022/2023-cü illərdə kiber təhdidlər, tendensiyalar və hüquq mühafizə orqanlarının hazır olmalı olduğu çağırışlarla bağlı proqnozlar ən ümdə məsələlər kimi vurğulanmış və xüsusi hədəfin  kiberməkanda insan hüquqları və qanunun aliliyinin təmini olması qeyd edilmişdir.