Xəbərlər

Şəhidlərimizin Xatirəsi Ədliyyə Orqanlarında Yad Edilib

2022-01-20

         Xalqımızın müstəqillik uğrunda mübarizliyinin və şücaətinin təcəssümü olaraq milli qürur mənbəyinə çevrilmiş 20 Yanvar hadisələrindən otuz iki il ötür. Bununla bağlı Ədliyyə Nazirliyində və struktur qurumlarda silsilə tədbirlər keçirilib, nazirliyin rəhbərliyi və kollektivi, o cümlədən gənc ədliyyə işçiləri və könüllüləri Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirələrini anıblar. Nazirlikdə keçirilən tədbirlərdə 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyətinə nəzər salınaraq bu qanlı qırğının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini qıra bilmədiyi, qanı bahasına da olsa azadlığa qovuşduğu vurğulanıb. Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində müstəsna xidmətləri, o cümlədən  20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verdiyi qeyd olunub, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin və əlillərin sosial müdafiəsi ilə bağlı ardıcıl tədbirlərin görüldüyü bildirilib. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun ölkəmizin müasir, mütərəqqi dövlət kimi tanıdılması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə geniş çatdırılmasında xidmətləri qeyd edilib. Xüsusilə vurğulanıb ki, tariximizin qəhrəmanlıq səhifəsini təşkil edən Yanvar hadisələrində öz cəsarətini, mərdliyini, ölkəmizin azadlığı uğrunda canını qurban verməyə hazır olduğunu nümayiş etdirən xalqımız Vətən müharibəsində bir daha bütün dünyaya mübariz, əyilməz və qalib xalq olduğunu göstərib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli ordumuzun gücü və xalqımızın birliyi sayəsində torpaqlarımız 30 illik işğaldan azad olunaraq tarixi ədalət zəfər çalıb, şəhidlərimizin qanı yerdə qalmayıb. Xalqımız, o cümlədən ədliyyə işçiləri qəhrəman Vətən övladlarının müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda fədakarlığını heç zaman unutmur, şəhidlərimizin xatirəsini daim uca tutaraq qürur və ehtiramla anırlar. Bu ərəfədə həmçinin, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən paytaxtdan və bölgələrdən olan vətəndaşların, xüsusilə şəhid ailələrinin videoformatda qəbulu keçirilərək, müraciətləri dinlənilib, digər qayğıları ilə maraqlanılıb. Onlar dövlət başçısının şəhidlərimizin xatirəsini hər zaman uca tutaraq şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Bununla yanaşı, 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı nazirliyin Ədliyyə Akademiyasında və Penitensiar xidmətin Təlim Mərkəzində xüsusi mühazirələr oxunub, mətbuatda çıxışlar edilir, nazirliyin kinozalında filmlər, eləcə də foto-slaydlar nümayiş etdirilir, sosial media hesablarında paylaşımlar edilir.

 

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı