Xəbərlər

Ədliyyə orqanları ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq gənclərlə komplektləşdirilir

2022-09-12


 

Ədliyyə orqanları ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq gənclərlə komplektləşdirilir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu dövlət gənclər siyasəti həyata keçirilərək ölkəmizdə müasir dünyagörüşlü, vətənpərvər yeni nəsil formalaşıb. Gənclərin ictimai-siyasi həyatda fəallığı artır, onlar dövlət idarəçiliyində geniş təmsil olunurlar.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarında da hazırlıqlı, müasir düşüncəli gənclərin qulluğa qəbuluna xüsusi önəm verilir, bununla bağlı seçim prosesi fasiləsiz aparılaraq davamlı müsabiqələr keçirilir.

Nazirlik tərəfindən həmçinin, penitensiar və tibb xidmətlərinin kadrlarla komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, bu sahədə ölkəmizin və xarici dövlətlərin ixtisaslaşmış təhsil müəssisələri ilə səmərəli əlaqələr qurularaq nazirlik üçün gənc kadrlar hazırlanır.

Bu istiqamətdə görülən işlər nəticəsində bu günədək 3.300 nəfərə yaxın şəxs ədliyyə orqanlarına qulluğa qəbul olunub. Onlar nazirlik üzrə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, peşəkar inkişafları və layiqli dövlət qulluqçusu kimi formalaşmaları təmin olunur, keçən müddətdə 230-dan çox hazırlıqlı ədliyyə işçiləri ali və digər dövlət orqanlarında məsul vəzifələrə irəli çəkiliblər, hakim adına layiq görülüblər. Hazırda çoxminli əməkdaşların təxminən yarısını gənclər, nazirliyin bir çox xidmətlərinin kadr korpusunun 70 faizə qədərini isə qulluğa qəbul edilən yeni nəsil ədliyyə işçiləri təşkil edir.

Bu günlərdə ədliyyə orqanlarında stajorluq və sınaq müddətini uğurla başa vurmuş şəxslərin daimi qulluğa, Penitensiar xidmətdə kiçik rəis heyətində çalışaraq fərqlənən növbəti bir qrup əməkdaşların orta rəis heyəti (zabit) vəzifələrinə, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin builki məzunlarının işə təyinatları aparılıb.

Böyük əksəriyyətini gənclər təşkil edən yeni təyinat alan 76 nəfər əməkdaşla ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.

Tədbirdə çıxış edən ədliyyə naziri ümummilli lider Heydər Əliyevin müstəqilliyinə əbədi həyat verdiyi müasir Azərbaycan dövlətinin ölkə Prezidenti cənab İlham Əliyevin liderliyi ilə davamlı tərəqqisi və qüdrətlənməsi nəticəsində Vətənimizin ərazi bütövlüyünün bərpa edildiyini xüsusi vurğulayıb.

Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsində şanlı qələbəmizin əldə olunmasında önəmli rolundan, o cümlədən ədliyyə işçilərinin də cəbhəyə yollanıb döyüşlərdə mərdliklə iştirakından danışıb, yeni təyinat alan şəxslər sırasında müharibə iştirakçılarının və onların ailə üzvlərinin olmasını qeyd edib.

Bildirilib ki, işğaldan azad edilmiş doğma torpaqlarımız bu gün dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə möhtəşəm quruculuq işləri aparılmaqla sürətlə bərpa olunur və Böyük Qayıdışın təzahürü olaraq soydaşlarımız artıq öz dədə-baba yurdlarına dönürlər. Şərqi Zəngəzurda inşası başa çatan Zəngilan Beynəlxalq Hava Limanına elə bu günlərdə AZAL-ın ən böyük sərnişin təyyarəsinin birinci uğurlu enişi olub.

Tədbirdə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq ədliyyə və məhkəmə sistemində aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verilib, əhaliyə göstərilən innovativ ədliyyə xidmətlərinə toxunularaq onların azad edilmiş ərazilərimizdə də müasir texnologiyalar tətbiq edilməklə səyyar qaydada təşkil edildiyi qeyd olunub. Eyni zamanda əhalinin hüquqi biliklərinin artırılması, qanunvericilikdəki yeniliklərlə daha əlçatan və rahat tanış olması məqsədilə hüquqi aktların vahid elektron bazasının (e-qanun.az) mobil tətbiqinin yenicə istifadəyə verildiyi və geniş ictimai təqdimatının keçirildiyi bildirilib.

Nazir gənclərin ədliyyə idarəçiliyində yaxından iştirakına hər cür şərait yaradıldığını bildirərək dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı tələblərini daim rəhbər tutmalarını ədliyyə işçilərinin diqqətinə çatdırıb. Onlara dövlətçilik ənənələrinə hər zaman sadiq olmaları, bilik və bacarıqlarını inkişaf etdirərək xidməti vəzifələrini məsuliyyətlə yerinə yetirmələri, icra intizamına və etik davranış qaydalarına dönmədən əməl etmələri barədə tapşırıqlar verib, uğurlu fəaliyyət arzulayıb.

Çıxış edən gənclər Ulu Öndərin yüksək amallarına daim sadiq qalaraq, Vətənimizin tərəqqisi naminə ölkə Prezidentinin ətrafında sıx birləşərək var qüvvələri ilə çalışmaq əzmində olduqlarını bildirib, onlara göstərilən etimadı doğrultmaq üçün vəzifələrini vicdanla yerinə yetirəcəklərinə, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.

Yeni təyinat almış işçilərə ilk xüsusi rütbələrin poqonları və xidməti vəsiqələr verilib.