Xəbərlər

Ədliyyə Akademiyasinda Xocali Soyqiriminin 31-ci İldönümünə Həsr Olunmuş Tədbir Keçirilib

2023-02-28

Bu il Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı Soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə girərək bəşəri cinayəti–Xocalı soyqırımını törətmişlər. Hər il xalqımız Xocalı faciəsini və amansızlıqla qətlə yetirilmiş Xocalı şəhidlərini dərin hüznlə yad edir.

Bununla əlaqədar olaraq Ədliyyə Akademiyasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı icbari təlimə cəlb edilən namizədlərin də iştirakı ilə tədbir keçirilib.

Tədbirin əvvəlində şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rektoru Şahin Əliyev Xocalı faciəsindən və ümumilikdə ermənilərin tarix boyu Azərbaycan xalqının başına gətirdiyi vəhşiliklərdən danışaraq bildirib ki, Xocalı soyqırımı ermənilərin Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində törətdiyi soyqırım cinayətlərinin ən dəhşətlisidir.

Tədbirdə çıxış edən Akademiyanın Cinayət və cəza-icra hüququ, kriminologiya kafedrasının baş müəllimi Şəlalə Quluzadə Xocalıda baş vərən vəhşiliklərdən, amansız işgəncələrdən, həmçinin, ermənilərin xalqımıza qarşı törətdiyi digər soyqırım cinayətlərindən danışıb,  bu cinayətlərin beynəlxalq müstəvidə hüquqi-qiymətləndirilməsi məsələlərinə də toxunub.

Tədbirdə qeyd olundu ki, ermənilər bu cinayətləri ilə xalqımızın mübarizə əzmini qırmağa çalışsalar da Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və güclü siyasi iradəsi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsindəki qələbəsi ilə şəhidlərimizin qisasını aldı.