Xəbərlər

Ədliyyə Nazirliyində akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunan oftalmoloji aksiya keçirilib

2023-04-07


2023-cü ildə Azərbaycanın görkəmli alimi, oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə ölkə Prezidenti İlham Əliyev tərəfindən xüsusi Sərəncam imzalanaraq çoxşaxəli tədbirlər həyata keçirilir.

Aprelin 7-də Ədliyyə Nazirliyində dünya şöhrətli oftalmoloqun yubileyi münasibətilə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən tibbi aksiya təşkil olunub.

Zərifə Əliyevanın yüksək ixtisaslı tibbi kadrların hazırlanmasında, oftalmoloq-həkimlərin peşəkarlığının artırılmasında əvəzsiz rolu danılmazdır. Görkəmli alimin göz xəstəliklərinin aşkarlanması, müayinə-müalicə və diaqnostikası ilə bağlı sanballı tədqiqatları oftalmologiya elminin inkişafına mühüm töhfələr verib.

Akademikin adını daşıyan Milli Oftalmologiya Mərkəzi paytaxtda və bölgələrdə mütəmadi səyyar xidmətlər göstərir, Mərkəzin müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar Klinikası tərəfindən oftalmoloji aksiyalar keçirilir.

Nazirlikdə keçirilən aksiyada əməkdaşların, ədliyyə orqanlarında çalışan Vətən müharibəsi iştirakçılarının və onların ailə üzvlərinin Klinikanın həkim-oftalmoloqları tərəfindən oftalmoloji müayinələri aparılıb, zəruri tövsiyələr verilib. Aksiyanın keçirilməsində məqsəd onların səhhətləri ilə bağlı problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etmək olub.