Xəbərlər

Ulu Öndərin 100 illiyi münasibətilə Məhkəmə Ekspertizası Mərkəzində

2023-05-01


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində "açıq qapı" günü keçirilib.

Tədbirdə Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, İqtisad Universiteti, Memarlıq və İnşaat Universitetinin tələbələri, Polis Akademiyasının kursantları, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

Mərkəzin rəis müavini Hüseyn Əlixanov giriş sözü ilə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Qeyri-hökumət təşkilatlarının təmsilçiləri Ümummilli Liderin vətəndaş cəmiyyətinin təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində böyük rolunu qeyd edərək Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğu konsepsiyasının ölkədə ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının formalaşmasına geniş imkanlar yaratdığını bildiriblər.

Sonra məhkəmə ekspertizası fəaliyyətinin yaranması tarixi, müasir ekspertizanın formalaşmasında Ulu Öndər Heydər Əliyevin rolu, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafı çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin müasirləşdirilməsi üzrə görülən tədbirlər və yeniliklər barədə tələbələrə məlumat verilib, ekspertiza fəaliyyətinin aktual məsələləri üzrə müzakirələr aparılaraq onları maraqlandıran suallar cavablandırılıb.

“Açıq qapı” günündə vətəndaş cəmiyyətinin nümayəndələri və ali təhsil müəssisələrinin tələbələri Mərkəzin fəaliyyəti, müasir kriminalistik avadanlıqlar və laboratoriyalarla əyani tanış olublar.