Xəbərlər

Mediatorlar üçün ixtisasartırma kurslarına start verildi

2023-05-02



Hər bir sahədə olduğu kimi, mediasiya sahəsində çalışan mütəxəssislərin öz biliklərini daima artırması, yenilənməsi vacibdir. Mediatorlar yüksək kvalifikasiya əldə etmək üçün mediatorun əsas vəzifələrindən biri olaraq, iki ildə bir dəfədən az olmayaraq təşkil olunan ixtisasartırma kurslarında iştirak edərək müvafiq sertifikat əldə etməlidirlər.

Bu barədə BAKU.NEWS-a Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov məlumat verib.


O qeyd edib ki, “Mediasiya haqqında” Qanuna və “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2019-cu il tarixli, 383 nömrəli Qərarına əsasən, hər bir mediatorun 32 saatlıq ixtisasartırma kurslarında iştirak etməsi mütləqdir. Həmin Qərara əsasən, mediatorların hazırlığı, ixtisaslaşmış ailə və əmək mediasiyası təlimləri və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mediatorların ixtisaslarının artırılması kursları ilə yanaşı, mediatorların hər birinin həmçinin 32 saatlıq ixtisasartırma kursları keçməsi tələb olunur.

N. Adilov bildirib ki, mediator kimi fəaliyyətini davam etdirmək niyyətində olan, Mediasiya Şurasının üzvləri olan mediatorlar ixtisasartırma kurslarında iştirak üçün İdarə Heyətinin sədri adına ərizə ilə müraciət ediblər və bu o deməkdir ki, Qanunun da tələbi ilə bu şəxslər mediator kimi fəaliyyətini davam etdirmək niyyətini ortaya qoyub və bu kursları bitirməklə, gələcəkdə fəaliyyətini davam etdirmək istəklərini ifadə ediblər. Onun sözlərinə görə, bu günədək bu kurslara müraciət edən 29 nəfər mediatorun hamısı Mediasiya Şurasından Ədliyyə Akademiyasına ünvanlanan rəsmi göndəriş əsasında ixtisasartırma kurslarına cəlb ediliblər.

N. Adilov onu da qeyd edib ki, “Mediasiya haqqında” Qanunun 12.2.2-ci maddəsinə uyğun olaraq, mediatorun ixtisasartırma kursunu müvafiq qaydada keçməməsi müvafiq qərarla Mediasiya Şurasının üzvlüyündən çıxarılması üçün əsasdır. Bu kurslarda iştirak etməmək Qanunvericilikdə nəzərdə tutulduğu kimi, mediatorun Mediasiya Şurasının üzvlüyündən xaric olması və mediator fəaliyyətinə xitam verilməsi ilə nəticələnir. Ona görə də ixtisasartırma kursunu müvafiq qaydada keçməyən mediatorlar Qanunvericiliyin tələblərinə uyğun olaraq, Mediasiya Şurasının üzvlüyündən xaric ediləcək və barələrində müvafiq qərarlar veriləcəkdir.

Nadir Adilovun sözlərinə görə, Kursları bitirənlərə Mediasiya Şurası və Ədliyyə Akademiyası tərəfindən müvafiq sertifikatlar təqdim ediləcək. O qeyd edib ki, “Biz mütəmadi olaraq bütün mediatorların təmsil olunduğu qruplara, əlaqə vasitələrinə bu barədə məlumat vermişik, eyni zamanda KİV vasitəsi ilə də bu məsələləri ictimai diqqətdə saxlayırıq.

Sevinc Kərimova