Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASININ ÖYRƏNİLMƏSİNƏ XÜSUSİ DİQQƏT ETDİRİLİR

2015-10-08

Ədliyyə Akademiyası Avropa Şurasının 2014-2016-cı illər  Azərbaycan üçün Fəaliyyət Planının bir hissəsi olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı  Layihənin icrasını davam etdirir. Layihə çərçivəsində 2015-ci ildə hakimlər, vəkillər, Ədliyyə Akademiyasının müəllim heyəti və digər Praktik hüquqşünaslar üçün Təlimçilər üçün Təlimlərin (ToT) keçirilməsi nəzərdə tutulmuşdur. Keçirilən təlimlər nəticəsində 60 nəfər iştirakçıdan 40 nəfər təlimçi seçilmişdir. Seçilən təlimçilərə may-oktyabr ayları ərzində 4 seminar təşkil edilmişdir. Seminarlarda təlimçilər “Avropa İnsan Hüquqları Konvensiyası” sahəsində biliklərini, habelə pedoqoji təcrübələrini dərinləşdirmişlər.

 

 

Təlim müddəti dövründə təlimçilərə Avropa Şurasının ekspertləri İvana Roagna, Gregory Thuan Dit Dieudonne və Könül Qasımova tərəfindən Avropa Konvensiyasının müxtəlif maddələrini əhatə edən dərslər tədris edilmiş, səhnələşdirilmiş məhkəmə prosesi (rəmzi məhkəmə) keçirilmişdir. Həmçinin hazırlanmış təlimçilər Ədliyyə Akademiyasında Avropa İnsan Hüquqları Konvensiyasına aid mövzularda təqdimatlar etmişlər.

 

 

Gələcəkdə həmin təlimçilərin Ədliyyə Akademiyasında silsilə xarakter daşıyan və “Avropa İnsan Hüquqları Konvensiyasının” müxtəlif maddələrini  əhatə edən təlimlərdə iştirakı nəzərdə tutulur. Layihənin yekununda təlimçilərə sertifikat təqdim olunmuşdur.