Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA TƏLİMÇİLƏRİN TƏLİMİ LAYİHƏLƏRİ ÖZ NƏTİCƏLƏRİNİ VERİR

2015-10-15

Ədliyyə Akademiyasında keçirilən hakimlərin ixtisasartırma kurslarında təcrübi məsələlərin tədrisinə xüsusilə diqqət yetirir.

 

Bu məqsədlə Ədliyyə Akademiyasında keçirilən ixtisasartırma və ixtisasa buraxılış kurslarının müəllimləri (təlimçiləri) əsasən təcrübi əməkdaşlar sıralarından seçilir. Bu seçim meyarı keçirilən dərsləri daha  maraqlı edir  və ən əsası təcrübi baxımdan əhəmiyyətini artırır.

 

Həmçinin Ədliyyə Akademiyası qarşısında duran mühüm vəzifələrdən biri də həmin təlimçilərə pedaqoji vərdişlərin aşılanmasıdır. Bu məqsədlə Ədliyyə Akademiyasında hakimlərin təlimlərində iştirak edən hakim təlimçilərdən ibarət qrup yaradılmışdır.

 

Ədliyyə Akademiyası və Məhkəmə-Hüquq Şurası tərəfindən cinayət, mülki və inzibati sahədə bir çox təlimçi seçilmiş, təlimlərin təşkili üçün beynəlxalq təşkilatlarla birgə çox sayda tədbirlər təşkil edilmişdir. Onlara mütəmadi, o cümlədən xarici ekspertlərin iştirakı ilə “təlimçilərin təlimi” kursları keçirilir, pedaqoji vərdişlər öyrədilir. Qeyd olunan tədbirlərin davamı kimi Ədliyyə Akademiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə cari ilin 9 oktyabr tarixində hakimlər üçün “İnzibati prosesdə iddia növləri” mövzusunda Ədliyyə Akademiyasında tədris kursu keçirilmişdir. Kursda Ali Məhkəmənin hakimi Xəqani Məmmədov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşanə Vəliyeva və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov beynəlxalq təcrübədə geniş istifadə olunan kazusların həlli metodologiyasından istifadə etmişlər. Kurs zamanı hakimlərə mübahisələndirmə haqqında iddia, məcbüretmə haqqında iddia, öhdəliyin icrası haqqında iddia kimi mövzular tədris olunmuşdur.