Xəbərlər

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN KOREYAYA TƏLİM SƏFƏRİ

2017-05-14

Cari ilin mayın 14-dən iyunun 3-dək Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Məhkəmə ekspertizası mərkəzinin və Baş Prokurorluğun əməkdaşları Koreya Respublikasının Seul şəhərində təlim səfərində olublar.

 

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təşkil edilmiş təlimdə bu ölkənin Ədliyyə və Daxili İşlər nazirliklərinin, Baş Prokurorluğun, Prokurorluq yanında Elmi Araşdırmalar Mərkəzinin və digər qurumların məsul şəxsləri tərəfindən ədliyyə və prokurorluq orqanlarının fəaliyyəti, hüquqi yardım, məhkəmə ekspertizasının bəzi məsələləri, cinayət prosesi, kibercinayətkarlıqla mübarizə, elektron monitorinq sistemi və digər aktual mövzularda mühazirələr tədris olunub.

 

Səfər zamanı nümayəndə heyəti tərəfindən ixtisasartırma kursunda əldə olunan biliklərdən istifadə etməklə "Kibercinayətkarlıqla mübarizədə istintaq və ekspertiza orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üsulları" mövzusunda Fəaliyyət Planı hazırlanaraq təqdimat keçirilib.

 

Təqdimatda layihənin aktuallığı əsaslandırılıb, qarşıya qoyulan məqsədlər işıqlandırılıb, kibercinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin hazırkı vəziyyəti və mövcud problemlər araşdırılıb, Azərbaycanda bu sahədə atılan addımlar - Budapeşt Konvensiyasının ratifikasiyası, kibercinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq diqqətlərə çatdırılıb. Təqdimat böyük maraqla qarşılanaraq, bu sahədə əməkdaşlığa dair, o cümlədən təlimlərin keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

 

Təlimin sonunda Koreyanın Ədliyyə Nazirliyi İnstitutunun Xarici Əməkdaşlıq Mərkəzinin direktoru Do Jeong-Seo ölkəmizin Ədliyyə Akademiyası ilə əməkdaşlığın qurulması, o cümlədən birgə təlimlərin və təlim səfərlərinin təşkil olunması və təcrübə mübadiləsinin aparılması ilə bağlı niyyətini ifadə edib.