Xəbərlər

BEYNƏLXALQ QIRMIZI XAÇ KOMİTƏSİNİN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİ VƏ ƏDLİYYƏ AKADEMİYASI HAKİMLƏR VƏ PROKURORLAR ÜÇÜN BİRGƏ SEMİNAR KEÇİRMİŞLƏR

2017-12-22

Cari ilin 20-22 dekabr tarixlərində “Landmark” otelində hakimlər və prokurorlar üçün “Beynəlxalq humanitar hüquq (BHH) pozuntularının cinayət hüququ çərçivəsində təqibinə dair standart və praktikanın nəzərdən keçirilməsi” mövzusunda seminar keçirilmişdir. Seminarda 13 hakim, 4 prokuror iştirak etmişdir.

 

Seminarın açılışını dekabr ayının 20-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera və Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov etmişlər. E.Xələfov Ədliyyə Akademiyasının Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə hakim və hakimliyə namizədlər üçün daha əvvəl təşkil olunan təlimlərin səmərəli əməkdaşlığın göstəricisi olduğunu bildirmişdir.

 

Eyni zamanda, 2000-ci ildə Azərbaycan Hökuməti və BQXK arasında Saziş bağlanması vurğulanmış, sazişə əsasən Komitə nümayəndələrinin mütəmadi olaraq azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkməsi, məhkumlarla təkbətək görüşlərin keçirilməsi imkanlarından bəhs olunmuşdur. Qeyd edilmişdir ki, ötən dövr ərzində qeyd olunan sazişin qüvvəsinin başa çatması və səmərəli əməkdaşlığın davam etdirilməsində qarşılıqlı maraq nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə verilmiş səlahiyyətə əsasən cari ilin martın 18-də Ədliyyə Nazirliyində Azərbaycan Hökuməti ilə BQXK arasında mövcud Sazişin qüvvədə olma müddətinin uzadılması haqqında Protokol imzalanmışdır.

 

Penitensiar müəssisələrdə məhkumlara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi sahəsində Ədliyyə Nazirliyi ilə qarşılıqlı fəaliyyət, məhkumların dərman təminatının yaxşılaşdırılması, penitensiar müəssisələrin ən yeni tibb avadanlığı ilə təchiz olunması Saziş çərçivəsində həyata keçirilən fəaliyyətlərdəndir. Xanım Sessera da öz növbəsində mövcud əməkdaşlıqdan məmnunluğunu dilə gətirmiş, cəzaçəkmə müəssisələri ilə tanışlıq zamanı Komitəyə geniş imkanlar yaradıldığını bildirmişdir.

 

Seminarda həm yerli, həm də xarici ekspertlərin “BHH-nin anlayışı və BHH pozuntularının təqibinin hüquqi tənzimlənməsi”, “Beynəlxalq cinayət hüququ və Azərbaycan Respublikasının     milli qanunvericiliyinə əsasən BHH pozuntularının təqibi”, “Beynəlxalq təqib və milli təqib”, “Cinayət məhkəmələrinə münasibətdə BQXK-nın fəaliyyətləri və əlaqələri” mövzularında təqdimatları iştirakçıların diqqətinə çatdırılmışdır.

 

Seminar 21-22 dekabr tarixlərində müxtəlif təqdimatlar və qrup işləri ilə davam etmiş, sonda iştirakçılara sertifikatlar verilmişdir.