Xəbərlər

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ RUSİYANIN CƏZALARIN İCRASI FEDERAL XİDMƏTİNİN AKADEMİYASINDA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

2018-11-29

28-29 noyabr 2018-ci ildə Ryazan şəhərində Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Akademiyası tərəfindən “Rusiya Federasiyasında və xaricdə cəzaların icrası sisteminin nəzəri və praktiki problemləri” mövzusunda keçirilmiş Beynəlxalq Elmi-Praktiki Konfransda Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov və Probasiya Xidmətinin rəis müavini Musa Hümbətov iştirak etmişlər.

Konfransın Plenar iclasında M.Hümbətov “Azərbaycan Respublikasında azadlığın məhdudlaşdırılması növündə cəza və onun icrası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı ilə bağlı görülmüş işlərdən, o cümlədən ölkəmizdə Probasiya xidmətinin təşkili, bu sahədə həyata keçirilən tədbirlər, xüsusilə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası prosesində elektron nəzarət vasitələrindən istifadə edilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Konfransda çıxış edən Elçin Xələfov ölkə başçısının sərəncamına müvafiq olaraq Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin respublikada böyük təntənə ilə qeyd edilməsi, həmçinin Azərbaycan ədliyyəsinin 100 illik yubileyi, inkişaf tarixi və əhəmiyyəti barədə konfrans iştirakçılarına məlumat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Ədliyyə nazirinin əmrinə əsasən ədliyyə orqanları ilə səmərəli  əməkdaşlığa görə Rusiyanın Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyasının rəisi daxili xidmət general-mayoru A.Krımov “Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. Yubiley medalı A.Krımova təqdim olunub. Öz növbəsində A.Krımov təltiflə bağlı öz təşəkkürünü bildirərək, Azərbaycan ədliyyəsinin 100 illik yubileyini bir daha təbrik etmiş, Azərbaycan Respublikası Ədliyyə nazirinə ünvanlanmış xatirə təbrik ünvanını E.Xələfova təqdim edib.

Eyni zamanda qeyd olunub ki, Azərbaycan Respublikası Ədliyyə nazirinin qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti üçün mütəxəssislərin hazırlanmasında verdikləri töhfələrə görə Akademiyanın tərbiyəvi, mədəni-kütləvi işlər üzrə şöbəsinin metodisti P.P.Bodko, Akademiyanın İnstitutunun xüsusi kurs üzrə rəisi V.F.Korolçuk və həmin xüsusi kursun rəis müavini T.Z.Qriqoryevskaya fəxri fərmanlarla təltif olunmuşlar. Fəxri fərmanlar qeyd olunan şəxslərə təqdim edilib.

Konfrans çərçivəsində keçirilən dəyirmi masada E.Xələfov  “Azərbaycan Respublikasında publik hüquqi şəxslərin fəaliyyətinin hüquqi tənzimlənməsi məsələləri” mövzusunda məruzə ilə çıxış edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin A.Krımovla görüşü keçirilib.Görüş zamanı Ədliyyə Akademiyası və Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Akademiyası arasında əməkdaşlığın əhəmiyyəti, gələcək perspektivləri, Akademiyada təhsil alan azərbaycanlı müdavimlərlə bağlı məsələlər, habelə yaxın zamanlarda Ədliyyə Akademiyası və Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Akademiyası arasında əməkdaşlıq barədə sazişin imzalanacağı məsələləri də müzakirə edilib.

29.11.2018-ci il tarixdə E.Xələfov, M.Hümbətov, Azərbaycan Respublikası Penitensiar xidmətin rəis müavini O.Qasımov və həmin Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi M.Sadıqov Akademiyanın rəhbərliyinin iştirakı ilə xüsusi kursun yerləşdiyi inzibati binada Rusiya-Azərbaycan dostluğu guşəsinin təntənəli açılışında iştirak ediblər.