Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI İLƏ UKRAYNA HAKİMLƏRİNİN MİLLİ MƏKTƏBİ ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA MEMORANDUM İMZALANIB

2018-12-13

2018-ci ilin 10-13 dekabr tarixlərində Ukrayna Hakimlərinin Milli Məktəbinin prorektoru Nataliya Şuklina, Ukrayna Hakimlərinin Milli Məktəbinin Sınaq Mərkəzinin direktoru, Ukrayna Ali İnzibati Məhkəməsinin sabiq hakimi Valentina Emelyanova, Ukrayna Hakimlər Milli Məktəbinin Psixoloji hazırlıq  elmi-metodoloji yardım Departamentinin aparıcı elmi işçisi Andrey Maslyuk və ATƏT-in Ukraynadakı layihə koordinatorunun nümayəndəsi Nina Reşetardan ibarət nümayəndə heyətinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının fəaliyyəti ilə tanışlıq, “Ədliyyə Akademiyası ilə Ukrayna Hakimlərinin Milli Məktəbi arasında əməkdaşlıq” haqqında Memorandumun imzalanması və Azərbaycan Respublikasının məhkəmə-hüquq fəaliyyəti ilə tanışlıq üçün Bakı şəhərinə səfəri olub.           

Səfər proqramına əsasən Ədliyyə Akademiyasında “Ukrayna Hakimlərinin Milli Məktəbi ilə Ədliyyə Akademiyası arasında əməkdaşlıq” haqqında Memorandum imzalanmışdır. Memorandum, hakimlərin, hakimliyə namizədlərin və məhkəmə aparatı işçilərinin hazırlanmasına dəstək və tərəflərin ən yüksək standartlara uyğun olaraq hakim korpusu hazırlamaq potensialını artırmaq məqsədlərinə əsaslanıb.  

Həmçinin səfər çərçivəsində nümayəndə heyəti Ədliyyə Akademiyasının fəliyyəti tanış olub və  Məktəbin prorektoru Nataliya Şuklinanın Azərbaycan Respublikası hakimlərinə “Ukrayna Konstitusiyasında dəyişikliklər” mövzusunda təqdimatı olub. Nümayəndə heyəti həmçinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, Məhkəmə-Hüquq Şurası, Məhkəmə-Hüquq Muzeyi, Bakı Apellyasiya Məhkəməsi, Ali Məhkəmənin, Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə də tanış olmuşlar. Bundan başqa, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) sədri Ramin Qurbanovun nümayəndə heyətinə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və məhkəmə fəaliyyətində müasir texnologiyaların tətbiqi məsələləri” mövzusunda təqdimatı olub. Nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilib, qonaqlar Ədliyyə tarixi muzeyi ilə tanış olublar.