Xəbərlər

BEYNƏLXALQ QIZIL XAÇ KOMİTƏSİ VƏ ƏDLİYYƏ AKADEMİYASININ HAKİMLƏR VƏ PROKURORLAR ÜÇÜN BİRGƏ TƏLİMİ KEÇİRİLİB

2019-01-23

22-23 yanvar tarixlərində Ədliyyə Akademiyasında Beynəlxalq Qızıl Xaç Komitəsi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq humanitar hüquq pozuntularının cinayət hüququ çərçivəsində təqibi: milli, regional və beynəlxalq perspektivlər” mövzusunda hakimlər və prokurorlar üçün təlim keçirilib.

Hakimlərin, prokurorluq orqanlarının və Akademiyanın əməkdaşlarının iştirak etdiyi təlimdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin başçısı Elena A. Sessera və Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov açılış nitqi ilə çıxış edib

Təlim zamanı Moldova Dövlət Universitetinin Cinayət Hüququ kafedrasının müdiri, Moldova Respublikasının sabiq Ədliyyə naziri Vladimir Qrosu, Bosniya və Herseqovina Məhkəməsinin hakimi Lejla Konjic Dragoviç, BQXK-nın Rusiya Federasiyası, Belarus və Moldova Respublikaları üzrə Nümayəndəliyinin regional hüquq məsləhətçisi Anastasiya Kuşleyko, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin Humanitar Müdafiə şöbəsinin koordinatoru B.O. Ram, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin hüquq məsləhətçisi Jalə Əzizova, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova və Azərbaycan Respublikası Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərovun təqdimatları dinlənilib.

İştirakçılara beynəlxalq humanitar hüququn pozulmasına görə cinayət təqibi üzrə milli qanunvericilik çərçivəsinin analizi: beynəlxalq hüquq və milli qanunvericilik, beynəlxalq humanitar hüququn pozulmasına görə cinayət təqibi mexanizmlərinin növləri, beynəlxalq humanitar hüququn pozulmasına görə cinayət təqibinə dair BQXK-nın fəaliyyəti və mandatının xüsusi məqamları, beynəlxalq humanitar hüququn pozulmasına dair məhkəmə-öncəsi istintaq: milli və beynəlxalq təcrübə, beynəlxalq humanitar hüququn pozulmasına dair məhkəmə qərarların praktiki aspektləri: milli və beynəlxalq təcrübə kimi məsələr barədə məlumat verilib.

Yekunda təlim iştirakçılarına sertifikat təqdim olunub.