Xəbərlər

AVROPA ŞURASI VƏ ƏDLİYYƏ AKADEMİYASININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ TƏLİMLƏR KEÇİRİLİB

2019-10-07

2015-ci ildən Avropa Şurası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”ndə “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsi həyata keçirilib.

Cari ilin mart ayından etibarən adıçəkilən layihənin icrası  “Yaxşı idarəçilik üçün tərəfdaşlıq” proqramı çərçivəsində davam etdirilib. Layihə çərçivəsində ilkin olaraq təlimçilər hazırlanıb, onların siyahısının yenilənib və hakimlər, hakimliyə namizədlər, məhkəmə aparatı işçiləri üçün silsilə təlimlər keçirilib. Layihənin əsas məqsədi CEPEJ alətlərinin milli səviyyədə tətbiq etməklə Azərbaycan məhkəmələrində səmərəliliyin və keyfiyyətin artırılmasına nail olmaq, CEPEJ indikatorları əsasında məhkəmələrin fəaliyyəti ilə bağlı hesabatların vahid metodologiyasının işlənib hazırlanmasıdır.

Layihə çərçivəsində 7-8 oktyabr 2019-cu ildə hakimlər və məhkəmə aparatı işçiləri üçün   “Məhkəmə fəaliyyəti ilə bağlı hesabatların tərtibi” mövzusunda təlimlər keçirilib.

Hər iki təlimdə Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri Zoltan Hernyes və Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov açılış nitqi ilə çıxış edib Çıxış zamanı məruzəçilər layihə çərçivəsində görülən işlər, qarşıda duran məqsədlər barədə məlumat veriblər. Həmçinin ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanın icrası üzrə görülmüş işlərdən bəhs edilibdir. Fərmanın icrası üzrə məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılması, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün görülmüş tədbirlər xüsusi vurğulanıb.

Ümumilikdə 40-dan çox hakim və məhkəmə aparatı işçisinin iştirak etdiyi tədbirdə

Sloveniyanın Ali Məhkəməsinin baş katibi Rado Brezovar, Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, aparat rəhbəri Əzizağa Məmmmədov və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin qrup rəhbəri Leyla Zakirovanın təqdimatları dinlənilib.

Təlimlərdə hesabata dair vahid yanaşma, CEPEJ-in əsas fəaliyyət göstəricilərindən istifadə, SATURN Təlimatları – vaxtın idarə edilməsi və indikatorlardan istifadə, aparılmış təhlillərə əsasən təşkilati çətinliklər, CEPEJ indikatorlarından istifadə etməklə statistik məlumatlara əsaslanan müntəzəm (daxili) hesabatların tərtibi, məhkəmə idarəetməsi sahəsində CEPEJ alətlərinə uyğun statistik təhlillər əsasında görülən konkret tədbirlər və müdaxilələr, Ədliyyə Nazirliyinin statistik hesabatların hazırlanmasında rolu, hesabatların hazırlanması, statistik məlumatların təhlili və məhkəmə fəaliyyətinin qiymətləndirilməsi sahəsində mövcud təlimlərin təşkili məsələləri dinləyicilərin diqqətinə çatdırılıb.