Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA VİDEO-KONFRANS KEÇİRİLİB

2019-11-08

Ölkə Prezidenti İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində hakimlərin və digər hüquqşünasların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilir, Ədliyyə Akademiyasında insan hüquqları və digər aktual mövzularda davamlı tədris tədbirləri, o cümlədən distant treninq formaları tətbiq olunmaqla video-konfrans vasitəsilə təlimlər təşkil olunur. Bu sahədə həmçinin, bir çox dövlətlərlə faydalı əməkdaşlıq edilərək təcrübə mübadiləsi aparılır.
"Ədliyyə Akademiyası ilə Moldova Milli Ədliyyə İnstitutu arasında əməkdaşlıq haqqında" imzalanmış Memorandumun implementasiyası çərçivəsində "Məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması" mövzusunda video-konfrans vasitəsilə təlim keçirilib.
Hakimlərin və Ədliyyə Nazirliyinin məsul əməkdaşının iştirak etdiyi tədbirdə Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov açılış nitqi ilə çıxış edib, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) ilə bağlı keçirilmiş layihələrdən, görülmüş işlərdən bəhs edib. Mövzunun məhkəmə sistemi və hakimlər üçün əhəmiyyətini vurğulayıb.
Video-konfransda Moldova Milli Ədliyyə İnstitutunun Təhsil və tədqiqat departamentinin rəisi Yekaterina Papa və məhkəmə instansiyalarının menecmenti və liderlik təlim modulunun direktoru, vəkil Petru Balanın təqdimatları dinlənilib.
Tədbirdə Moldovanın CEPEJ ilə əməkdaşlıq təcrübəsi, ədalət mühakiməsinə çatımlılıq və məhkəmə instansiyalarının ictimaiyyətlə qarşılıqlı əlaqələri, məhkəmə icraatı prosesində informasiya texnologiyalarının tətbiqi və digər məsələlər müzakirə edilib.
Tədbir iştirakçıları bu cür müasir və aktual mövzulara dair distant təlimlərin təşkilinin onların bilik və bacarıqlarının artırılmasında səmərəsini qeyd ediblər.