Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASININ NÜMAYƏNDƏSİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

2019-12-18

Ötən günlərdə Ukrayna Milli Hakimlər Məktəbi və Avropa Şurasının birgə təşkilatçılığı ilə "Hüquq təhsili vasitəsilə insan hüquqlarının müdafiəsi: ən yaxşı təcrübələr və standartların təkmilləşdirilməsi" adlı yüksək səviyyəli beynəlxalq konfrans keçirilib. Ukrayna Respublikasının Ali Məhkəməsində baş tutan tədbirdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov iştirak edib.

Konfransda Qərbi və Şərqi Avropanın bir sıra ölkələrindən hakimlərin tədrisini həyata keçirən qurumların nümayəndələri, Avropa Şurasının nümayəndələri və ekspertlər, hakim təlimçilər və alimlər də iştirak ediblər.

Konfrans zamanı müxtəlif ölkələrin təhsil müəssisələri tərəfindən keçirilən hakim və hakimliyə namizədlərinin təliminə dair təcrübə və ən yaxşı praktikalarının mübadiləsi, müxtəlif ölkələrin təcrübələrini nəzərə alaraq, hakimlərin hazırlanması üçün yanaşma və metodlarla bağlı geniş peşəkar müzakirə aparılıb.

Konfrans hakimlərin təliminin aktual məsələlərinə dair mövzular üzrə sessiyalar formatında təşkil olunub.

Elçin Xələfov konfransın I Sessiyasında  “Azərbaycan Respublikasında hakimlərin ilkin və davamlı təliminin vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib. Çıxışın ardından konfrans iştirakçıları tərəfindən Elçin Xələfov konfrans iştirakmıları tərəfindən verilən sualları cavablandırıb.

Konfrans insan hüquqlarının müdafiəsinin gücləndirilməsi, Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının daha yaxşı yerinə yetirilməsi üçün məhkəmə hazırlığının təkmilləşdirilməsinə dair Kiyev tövsiyələrin qəbulu ilə nəticələnib.

Ukrayna Milli Hakimlər Məktəbi və Avropa Şurası tərəfindən keçirilən "Hüquq təhsili vasitəsilə insan hüquqlarının müdafiəsi: ən yaxşı təcrübələr və standartların təkmilləşdirilməsi" adlı yüksək səviyyəli beynəlxalq konfransda iştirak Ədliyyə Akademiyasının elmi əlaqələrinin genişləndirilməsi, Azərbaycan Respublikasında keçirilən geniş məhkəmə-hüquq islahatlara dair təcrübənin dünyanın qabaqcıl ekspert və alimlərinə çatdırılması, eyni zamanda digər ölkələrin müvafiq təcrübələrinin öyrənilməsi istiqamətində faydalı olub.