Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA TVİNNİNQ LAYİHƏSI ÇƏRÇİVƏSİNDƏ LİTVALI EKSPERTLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

2021-07-17

 Avropa İttifaqının maliyyə dəstəyi ilə "Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi həyata keçirilməkdədir. Layihə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi ilə sıx əməkdaşlıq şəraitində Litva və Avstriyadan olan təşkilatlar tərəfindən icra edilir.Layihənin imkanları barədə məlumat vermək və qarşılıqlı fikir mübadiləsi aparmaq məqsədi ilə Litvanı təmsil edən bir qrup ekspertlə Ədliyyə Akademiyasında Ədliyyə Nazirliyinin, Akademiyanın nümayəndələri və hakimlərin iştirakı ilə görüş keçirilib.Görüşdə "Tvininq layihəsinin Rezident Tvinninq Müşaviri Laurinas Totoraitis, Litvanın Ali İdarəetmə Məhkəməsinin Sədri Gintaras Kryzevicius, Vilnüs Universitetinin Hüquq fakültəsinin dekanı professor Tomas Davulis, Litvanın Ədliyyə etikası və İntizam Komissiyasının üzvü professor Jurgita Pauzaite-Kulvinskiene və Hüquqi yardım üzrə mütəxəssis doctor Agne Limante kimi təcrübəli ekspertlər iştirak ediblər. Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov qonaqları salamlayaraq, onlarla əməkdaşlıq imkanından məmnunluq duyduğunu ifadə edib. E.Xələfov  Azərbaycan Respublikasında 2010-cu ildə “Məişət zorakılığı” haqqında  Qanunun qəbul edildiyini, 2020-ci ildə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edildiyini bildirib. Həmçinin hakimliyə namizədlərin və hakimlərin təlimlərindən söz açan E.Xələfov, Akademiyanın Avropa Şurasının və Avropa İttifaqı ilə müxtəlif layihələr çərçivəsində sıx əməkdaşlıq əlaqələrinin qurduğunu bildirib, layihələrin icrası çərçivəsində görülmüş işlərdən söz açıb.Vilnüs Universitetinin Hüquq fakültəsinin dekanı professor Tomas Davulis Azərbaycanda olmağından məmnunluğunu bildirərək layihə barədə məlumat verib, bu sahədə görülmüş işlərdən, Litva təcrübəsindən bəhs edib. O, Litvada hüquq fakültəsi ilə müvafiq dövlət strukturlarının sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini bildirərək, qeyd edib ki, Vilnüs Universiteti ilə Bakı Dövlət Universitetlərinin hüquq fakültələri arasında da əməkdaşlıq barədə danışıqlar aparılır. Öz ölkəsində hakimlərin seçilməsi, təyinatı, intizam məsuliyyəti, təlimi məsələlərinə toxunan Litvanın Ali İdarəetmə Məhkəməsinin Sədri Gintaras Kryzevicius bu sahədə qabaqcıl Avropa ölkələrinin təcrübəsi ilə bağlı maraqlı məlumatları paylaşıb. Məişət zorakıılığı ilə bağlı Litvanın da Cinayət Məcəlləsində ayrıca cinayət tərkibinin olmamasını vurğulayan sədr, bu məsələ ilə bağlı Litvada çox geniş maarifləndirmə kompaniyasının aparıldığını, müxtəlif video və animasiya filmləri vasitəsilə geniş əhali kütləsinə məişət zorakılığına qarşı mübarizədə aktiv olmağa səsləndirildiyini bildirib.Azərbaycan Respublikasında hakimlərin tam şəffaf, bir neçə mərhələdən ibarət imtahanlar nəticəsində seçildiyini bildirən E.Xələfov,  Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar hakim ştatının 200 vahid artırılaraq 800-ə qalxdığını, xüsusi ixtisaslaşdırılmış kommersiya məhkəmələrinin yaradıldığını bildirib. Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, hakimlərin intizam məsuliyyətinə cəlb olunması qaydaları barədə məlumat verən E.Xələfov, həmçinin Azərbaycan yeni yaradılan mediasiya institutu ilə bağlı məlumat verib.Sonda Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyi və onlara dəstəyi təmin etmək üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi sahəsində Tvinninq layihəsinin imkanlarından istifadə edilməsinin xüsusiyyətləri müzakirə olunub.

 

                                                                                                                                                                                                                                                                                                           Ədliyyə Akademiyası