Xəbərlər

Bələdiyyələrin Büdcə Gəlirlərinin Artırılması Üzrə Tədbirlər Görülür

2022-04-13

 

Yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin rolunun genişləndirilməsi, onların büdcə gəlirlərinin artırılması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən metodoloji yardım və maarifləndirmə tədbirləri davam etdirilir. Mehmanxana və mehmanxana tipli müəssisələr tərəfindən xidmət göstərən şəxslərdən qanunvericiliklə nəzərdə tutulan ödənişlərin tutularaq aidiyyəti bələdiyyələrin büdcələrinə köçürülməsi sahəsində onların maarifləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə onlayn görüş keçirilib. Azərbaycan Turizm Bürosunun və 100-ə qədər mehmanxana və turizm xidməti göstərən müəssisələrin nümayəndələrinin iştirak etdiyi görüşdə bu sahədə maarifləndirmə işinin zəruriliyi qeyd olunaraq bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb, ölkəmizdə yerli özünüidarəetmənin təkmilləşdirilməsinə göstərilən dövlət dəstəyi, bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkili, onların işinin səmərəliliyinin artırılması üzrə görülən işlər barədə məlumat verilib. Tədbirdə bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması, bu məqsədlə yerli büdcə gəlirlərinin artırılması istiqamətində görülən tədbirlərdən danışılaraq sanatoriya-kurort, mehmanxana və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlərin tutulması və bələdiyyə büdcələrinə ödənilməsi ilə bağlı qanunvericiliyin tələbləri ətraflı izah edilib, beynəlxalq təcrübəyə toxunulub. Həmçinin bu sahədə mövcud problemlər müzakirə olunaraq bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edən həmin ödənişlərin mehmanxana və mehmanxana tipli müəssisələr tərəfindən vaxtında və tam həyata keçirilməsinin vacibliyi bildirilib, iştirakçıları maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı fəaliyyətin davam etdirilməsi qərara alınıb.