Xəbərlər

ƏDLİYYƏ QURUMLARINDA RƏHBƏR VƏZİFƏLƏRDƏ ÇALIŞAN İŞÇİLƏRİN İDARƏÇİLİK VƏRDİŞLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

2014-12-12

Son dövrlərdə Ədliyyə sahəsində çalışan əməkdaşların ixtisasartırma məsələlərinə xüsusi diqqət yetirilir.

 

Hazırda ixtisasartırma əlavə təhsilin bir istiqaməti olaraq ədliyyə  işçilərinin peşə ixtisas təhsilinin yüksəldilməsi məqsədlərinə qulluq edir, onların fasiləsiz təhsil almağına şərait yaradır.

 

Həmçinin ixtisasartırma ədliyyə işçilərinin intellektual və peşə hazırlıq səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yenilənən əmək şəraitinə uyğunlaşmasını təmin edir.

 

Müasir şəraitdə ədliyyə sahəsində çalışan əməkdaşların ixtisasının artırılması ilə bağlı təşkil olunan ixtisasartırma kursları qısa müddət ərzində onlara zəruri bilik və vərdişlərin aşılanması məqsədi qoyur.

 

Qeyd edilənləri nəzərə alaraq cari ilin 08-12 dekabr tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ədliyyə  qurumlarında rəhbər vəzifələrdə çalışan 19 nəfər ədliyyə işçisi üçün idarəçilik vərdişlərinin təkmilləşdirilməsi məqsədilə Ədliyyə Akademiyasında ixtisasrtırma kursu təşkil edilmişdir.

 

İxtisasrtırma kursunun proqramı Ədliyyə Akademiyası tərəfindən hazırlanmış və Ədliyyə Nazirliyinin Kadrlar idarəsi ilə razılaşdırılmışdır.

 

 

Tədris kursunun proqramına Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə işin təşkili məsələləri, ədliyyə orqanlarında kargüzarlıq və arxiv işinin aparılması qaydaları, ədliyyə orqanı işçilərinin etik davranış qaydalarının pozulmasına görə məsuliyyət məsələləri, təxirəsalınmaz tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilmişdir.

 

 

Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Akademiyasının və Ədliyyə Nazirliyi Penitensiar xidmətin Təlim mərkəzinin müəllim heyəti, Tibb baş İdarəsinin, Qeydiyyat və notariat baş İdarəsinin, Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin və digər idarələrin müvafiq əməkdaşları tərəfindən aparılmışdır.

 

 

Təlimin sonunda kursun təşkilinə, tədris olunan mövzulara, dərsləri tədris edən müəllimlərə münasibətlərini öyrənmək məqsədilə dinləyicilər arasında sorğu aparılmışdır, dinləyicilərə sertifikatlar təqdim edilmişdir.