Xəbərlər

CEPEJ Alətlərinə və Metodologiyasına Əsasən Məhkəmə Fəaliyyəti ilə Bağlı Hesabatların Hazırlanması Mövzusunda Təlim Keçirilib

2023-02-20

Cari ilin 10 fevral tarixində Avropa Şurasının Bakı Ofisi ilə birgə Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) və Ədliyyə Akademiyasının əməkdaşlığı çərçivəsində hakimlər üçün “CEPEJ alətlərinə və metodologiyasına əsasən məhkəmə fəaliyyəti ilə bağlı hesabatların hazırlanması” mövzusunda təlim keçirilib.

Təlimdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Petr Zıx, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Beynəlxalq yardım və əməkdaşlıq üzrə məsul şəxsi Məryəm Hacı-İsmayılova və Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov açılış nitqi ilə çıxış edərək, layihə çərçivəsində görülmüş işlər barəsində ətraflı məlumat vermiş, CEPEJ alətlərinin öyrənilməsinin əhəmiyyəti vurğulayıblar. Tərəfdaşlar yeni layihələrdə də hər zaman əməkdaşlığa hazır olduqlarını bildirərək, mövcud əməkdaşlığın daha da gücləndirilməsi üçün çalışacaqlarını qeyd ediblər.

Keçirilən təlim zamanı Avropa Şurasının Tiflisdəki Ofisinin  layihə üzrə əməkdaşı Domitille Qotye De Şarnas, CEPEJ-in statistika üzrə mütəxəssisi Toni Vilela, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərov və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji Planlaşdırma və Monitorinq Baş İdarəsinin qrup rəhbəri, CEPEJ-in Azərbaycan üzrə milli müxbiri Leyla Zakirovanın təqdimatları dinlənilib.

Təlimdə Bakıdan və regionlardan məhkəmə sədrləri və hakimlər iştirak ediblər.

Qeyd etmək lazımdır ki, müvafiq təlim “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyi və keyfiyyətinin artırılması” layihəsi çərçivəsində həyata keçirilib. Layihənin ümumi məqsədi Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması və məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi yolu ilə məhkəmə istifadəçilərinin ədalət mühakiməsinə çatım imkanının daha da yaxşılaşmasını təmin etməkdir.