Xəbərlər

Ədliyyə Akademiyasında Akademik Zərifə Əliyevanın 100 İllik Yubileyinə Həsr Olunmuş Tədbir Keçirilib

2023-02-20


Bu il ölkəmizdə oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi tamam olur.

Bununla əlaqədar Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən təsdiq edilmiş “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”-nın 6-cı bəndinə müvafiq olaraq Ədliyyə Akademiyasında Ədliyyə Nazirliyinin Tibb baş idarəsi ilə birgə Ədliyyə Nazirliyinin tibb xidmətinin və Ədliyyə Akademiyasının əməkdaşlarının, Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin tələbələrinin və ədliyyə könüllülərinin iştirakı ilə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül xanım Abdıyeva “Dünya şöhrətli alim və zəngin irsi” mövzusu ilə çıxış edərək Azərbaycan Respublikasının Əməkdar elm xadimi, oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyat və yaradıcılıq fəaliyyətindən, insanların sağlamlığı uğrunda gördüyü işlərdən, elmi əsərlərindən danışmış, həmçinin onun yüksək ixtisaslı gənc alim kadrların hazırlanmasında, oftalmoloq-həkimlərin ixtisaslarının artırılmasına göstərdiyi diqqət və qayğını vurğulayıb. O, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və onun fəaliyyətinin geniş təqdimatı ilə çıxış edərək göz xəstəliklərinin diaqnostikası, gözün müayinəsi və müalicəsi üçün Mərkəzin beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunduğunu qeyd edib.

Daha sonra Tibb baş idarəsi Hərbi həkim komissiyasının həkim-oftalmoloqu Nərgiz xanım Əfəndiyeva “Yüksək əqidə” mövzusu ilə çıxış edərək Zərifə xanımınelmi-tədqiqatlarından, onun nursuz gözlərə işıq paylamaq üçün göstərdiyi əvəzsiz xidmətlərdən, o cümlədən o dövrdə geniş yayılmış gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinin müalicəsi üçün geniş tədqiqatları və uğurlarından danışıb.

Həmçinin tədbirdə Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət qeyd olunub.