Xəbərlər

Azərbaycan məhkəmələrin səmərəlilik göstəricilərinə görə bir çox inkişaf etmiş Avropa dövlətlərini qabaqlayıb

2023-02-22

Məhkəmə-Hüquq Şurasının məlumatı

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ötən ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək müstəqil dövlətimizin banisi, bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin dövlət inkişafı kursunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək respublikamızın hərtərəfli davamlı tərəqqisini qeyd edib, Ulu Öndərin ən ümdə vəsiyyəti olan doğma torpaqlarımızın Vətən müharibəsində şanlı qələbəmizlə azad olunaraq sürətli bərpasını vurğulayıb.

Bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən müntəzəm səfərlər edilərək doğma Qarabağımızda və Şərqi Zəngəzurda ölkəmizin öz gücü hesabına nəhəng infrastruktur layihələr reallaşdırılır, tarixi, dini və mədəni abidələrimiz bərpa olunur və artıq soydaşlarımız öz əzəli yurdlarına qayıdırlar. Bütün bunlar dövlətimizin dünyada iqtisadi qüdrətini nümayiş etdirir.

İclasda məhkəmə-hüquq sisteminin dövlətimizlə bərabər inkişaf etdiyi, dahi öndər tərəfindən aparılan köklü islahatlar nəticəsində Azərbaycanda məhkəmə sisteminin demokratik prinsiplər əsasında yaradıldığı vurğulanıb. Cənab Prezident İlham Əliyevin dövlət siyasətinin prioritetlərindən biri olan məhkəmə-hüquq sisteminin davamlı inkişafına daim xüsusi önəm verdiyi, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi ilə bağlı ardıcıl tədbirlərin görüldüyü qeyd olunub.

Bu sahədə mühüm “yol xəritəsi” olan və beynəlxalq ekspertlər tərəfindən olduqca yüksək dəyərləndirilən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı görülən əməli işlərə toxunulub.

Qeyd olunub ki, ötən müddətdə cəza siyasətinin humanistləşdirilməsi, məhkəmə icraatında çevikliyin təmin edilməsi və işlərə daha səmərəli baxılması, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı mühüm qanunlar qəbul edilib. 13 yeni regional məhkəmələr yaradılıb, özəl ekspertiza fəaliyyəti təsbit olunub, mediasiya institutu fəaliyyətə başlayıb. Məhkəmə infrastrukturu müasirləşdirilərək yüksək hi-tech məhkəmələr yaradılıb, «Elektron məhkəmə» informasiya sisteminin tətbiqi genişləndirilib, proseslərdə video-konfrans və elektron icraat, habelə məhkəmə rüsumlarının diferensiasiyası tətbiq edilib. Vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Ali Məhkəmə tərəfindən monitorinqlərin aparılmasına dair Qaydalar qəbul olunub.

Eyni zamanda hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı qəbul olunmuş yeni Qaydalar hakim kadrlarından daha səmərəli istifadəyə rəvac verib.

İclasda 2022-ci ildə Şura tərəfindən 100-dən çox hakimin fəaliyyətinin həmin Qaydalara uyğun prinsipial qiymətləndirildiyi, 30 nəfər yeni nəsil hakimin ali və apellyasiya məhkəmələrinə irəli çəkildiyi, 50 məhkəmə sədri vəzifələri üzrə təyinatlar aparıldığı bildirilib. 4 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq səlahiyyətlərinin vaxtından əvvəl xitam edildiyi, 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay vaxt verildiyi qeyd olunub.

Bu sahədə məqsədyönlü fəaliyyətin nəticəsidir ki, yuxarı instansiya məhkəmələrinin tərkibinin əksəriyyəti, habelə bütün kollegiya və apellyasiya məhkəmələrinin sədrləri təzələnib, fəaliyyətində dönüş yarada bilməyən bir sıra hakimlər bu məhkəmələrdən kənarlaşdırılıb.

Eyni zamanda Fərmanla ayrılmış əlavə 200 yeni hakim ştatının komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilərək, hakimlərin seçim proseduru təkmilləşdirilməklə fasiləsiz aparılan şəffaf seçim nəticəsində 123 nəfər, o cümlədən Şuranın ötən il verdiyi təqdimatlar əsasında 79 nəfər hakimliyə namizəd müxtəlif hakim vəzifələrinə təyin olunublar. 270 nəfər namizəd isə hazırda müsabiqənin müxtəlif mərhələsindədirlər.

Yeni təyin edilən hakimlərin əksəriyyətini 35 yaşadək olan hüquqşünaslar, 50%-ə qədərini isə qadınlar təşkil edir. Bu da ölkəmizdə gender prinsiplərinin qorunmasına, qadınların ictimai həyatda fəal iştirakına dəlalət edir.

Bütün hakim korpusunun 80%-dən çoxunu məhz bu mütərəqqi üsullarla seçilərək təyin olunmuş hakimlər təşkil edir.

İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin, həmçinin məhkəmələrdə baxılan işlərin keyfiyyətinə müsbət təsiri, təmin edilən iddiaların sayının və yekun məhkəmə qərarlarının stabilliyinin artdığı qeyd olunub, bu sahədə islahatlarımızın nüfuzlu beynəlxalq təsisatlar tərəfindən də təqdir edildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) hesabatlarına əsasən, Azərbaycan məhkəmələrin səmərəlilik göstəricilərinə görə bir çox inkişaf etmiş Avropa dövlətlərini, o cümlədən Fransa, Almaniya, Danimarka, İsveç, Lüksemburq və digər ölkələri qabaqlayıb, məhkəmələrdə işlərə baxılması tezliyinə və informasiya texnologiyalarının geniş tətbiqinə görə ölkəmiz orta Avropa rəqəmlərini xeyli üstələyib, İT-nin inkişaf səviyyəsinə görə 49 ölkə sırasında 14-cü yerdə qərarlaşıb.

Həmçinin, hakimlərin məsuliyyət hissinin artırılmasının daim diqqətdə saxlanıldığı, bu sahədə qəti tədbirlərin görüldüyü, o cümlədən ötən il korrupsiyaya şərait yaradan hallara və digər pozuntulara görə 1 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi, 2 nəfərin tutduğu vəzifədən azad olunduğu bildirilib.

Məhkəmələrdə qeyri-prosessual münasibətlərin qarşısının alınması, onları doğuran səbəblərin aradan qaldırılması məqsədilə Şura tərəfindən yerlərdə davamlı monitorinqlər və vətəndaşların qəbulunun aparıldığı, Şuranın “Qaynar Xəttinə” daxil olan aidiyyəti müraciətlər araşdırılmaqla vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verdiklərinə görə ötən il 160-dan çox hakimin rəsmi xəbərdar edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bütün bunlar onların fəaliyyətlərinin qiymətləndirilməsində nəzərə alınıb, təkrar pozuntulara görə intizam icraatları başlanılıb.

Şurada dövlət başçısının məhkəmə fəaliyyəti ilə bağlı tövsiyə və çağırışları diqqətə çatdırılaraq məhkəmələrin insanlar üçün əlçatanlığının, məhkəmə prosesinin çevikliyinin və ədalətliliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətində qabaqcıl İKT-nin və süni intellektin tətbiqi, bu texnoloji yeniliklərdən insan hüquqlarına və etik prinsiplərə riayət olunmaqla istifadə edilməsi ilə bağlı vəzifələrə toxunulub.

Şura üzvü, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək məhkəmə qərarlarının ədalətliliyi və şəffaflıqla bağlı tələblərin daim rəhbər tutulmasının vacibliyini bildirib, vahid məhkəmə təcrübəsinin tətbiqi, məhkəmə hakimiyyətinin nüfuzunun yüksəldilməsi üzrə tədbirləri qeyd edib.

İclasda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə xüsusilə əlamətdar olduğu vurğulanaraq müasir məhkəmə-hüquq sistemimizin müəllifi, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinin məhkəmələrdə qeyd olunması ilə bağlı əməli köməklik göstərilməsinə dair müvafiq tapşırıqlar verilib.

Həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və mövcud problemlərin aradan qaldırılması, habelə işğaldan azad edilmiş ərazilərdə ədalət mühakiməsi işinin təşkili ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.