ƏDLİYYƏ AKADEMİYASINDA MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏKİ İSLAHATLARLA BAĞLI MÜZAKİRƏLƏR APARILIB

 

2019-07-26

İyulun 26-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası elm müəssisələrinin nümayəndələri ilə Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərlə bağlı ictimai müzakirə təşkil edib.

AZƏRTAC xəbər verir ki, Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov bildirib ki, Fərmanla bağlı ictimai müzakirələrə həsr olunmuş tədbirlər paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarında keçirilib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın genişləndirilməsi məqsədilə mühüm qərarlar qəbul olunur, ardıcıl tədbirlər görülür. Prezident tərəfindən imzalanmış müvafiq Fərman ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və məhkəmə-hüquq orqanlarının şəffaflaşdırılması ilə bağlıdır. Dövlət başçısı tərəfindən aparılan iqtisadi və hüquqi islahatlar ölkəmizin inkişafına xidmət edir. 2019-cu il 3 aprel tarixli Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.

 

 

Xəbərlər

BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATI AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ ÜÇÜN LİTVAYA TANIŞLIQ SƏFƏRİ TƏŞKİL EDİB

2019-05-16

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin və BMqT-nin regional ofisinin dəstəyi ilə Azərbaycanın 11 nəfərlik nümayəndə heyətinin Litva Respublikasına dördgünlük tanışlıq səfəri təşkil edilib.

Mayın 13-16-da reallaşdırılmış səfər Avropa İttifaqı və BMqT-nin İnkişaf Fondu tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.

Səfərin əsas məqsədi Ədliyyə Akademiyasının, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təmsilçiləri, həmçinin apellyasiya və rayon məhkəmələrinin hakimləri, Baş Prokurorluğun və Vəkillər Kollegiyasının əməkdaşlarından ibarət nümayəndə heyətini insan alverinə qarşı mübarizədə hüquqi qərarların verilməsi, insan alveri qurbanlarının müdafiəsi sahəsində beynəlxalq və Avropa standartlarının tətbiqi, qanunvericiliyin təhlili və Litvada insan alveri ilə bağlı cinayətlərin təqibi halları ilə, insan alveri sahəsində prosedur və qaydalarla tanış etməkdir.

Litva Respublikasının Vilnüs və Kaunas şəhərlərində olan nümayəndə heyəti Litva Hökümətinin Kansleri cənab Alqirdas Stonçaytis, Baş Prokurorunun müavini Rimvyadas Valentukeviçius, Sosial Təhlükəsizlik və Əmək Nazirinin müavini Etvidas Binqales, Litva Baş Polis Komissarı Linas Pernavas, Ali Məhkəməinin hakimləri tərəfindən qəbul edilib, həmin şəxslərlə qarşılıqlı faydalı fikir mübadiləsi və maraqlı müzakirələr aparılaraq, xüsusilə hökümətin kansleri ilə görüşdə ölkəmizin insan alveri ilə mübarizə haqqında qanunvericiliyi və hüquqi praktikası ilə bağlı elektron təqdimatla çıxış edilib. Litvalı həmkarları Azərbaycan nümayəndələri ilə özlərinin insan alveri sahəsində bilgi və ən yaxşı təcrübələri, yanaşmalar və yeni tendensiyalarla, insan alveri qurbanlarına yardım göstərilməsi prosedurları ilə bölüşüblər.

Səfər müddətində nümayəndə heyəti, həmçinin İnsan alveri qurbanlarına yardım üzrə Vilnüs Böhran Mərkəzinin, Kaunasda yerləşən Kişilərin Böhran Mərkəzi Assosiasiyasının, Kaunas şəhər bələdiyyəsi nəzdində insan alverinə qarşı çoxşaxəli mübarizəyə dair komandanın fəaliyyəti ilə yaxından tanış olublar.

Nümayəndə heyəti Azərbaycan Respublikasının Litvadakı Səfirliyini ziyarət edərək fövqəladə və səlahiyyətli səfir Tamerlan Qarayevlə görüşüb, səfirliyin fəaliyyəti barədə geniş bilgi əldə olunub və iştirakçıları maraqlandıran məsələlər müzakirə edilib.

Bu səfər Azərbaycandan olan heyət üçün ən yaxşı təcrübələri öyrənmək və onları mümkün olan yerlərdə tətbiq etmək, həmçinin Litvalı həmkarları ilə işgüzar əlaqələri qurmaq baxımından yaxşı bir imkandır.